Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanda demoqrafik vəziyyət
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il iyul ayının 1-i vəziyyətinə 10151517 nəfər təşkil etmişdir (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində ölkədə 53918 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 10,7 təşkil etmişdir. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olmuşdur.
2023-cü ilin birinci yarısında ölkədə 30165 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 6,5-dən 6,0-a düşmüşdür.
Bu ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artmışdır.
Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gələn, Azərbaycandan isə 1288 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 619 nəfər təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (daxili: 22-11)