Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreya Statistika Komitəsi tərəfindən keçirilən təlimdə iştirak etmişdir
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində Koreya Statistika Komitəsi (KOSTAT) tərəfindən 2023-cü il 21-25 avqust tarixlərində təşkil edilən “Yerli statistika orqanlarında statistik potensialın gücləndirilməsi” təlimində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreyaya səfər ediblər.
Təlimin məqsədi Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarının işçilərinin bilik və bacarıqlarının artırılmasından, statistik potensialın gücləndirilməsindən, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin öyrənilməsindən, son yeniliklərin və təcrübələrin bölüşülməsindən ibarətdir.
Təlim zamanı KOSTAT-ın mütəxəssisləri və ekspertlər tərəfindən Koreya milli statistika sisteminin rolu, strukturu, milli statistik planlaşdırma - statistik sorğular, məlumatların daxil edilməsi və emalı haqqında təqdimatlar edilib, KOSTAT-ın və yerli statistika orqanlarının təşkili və fəaliyyəti, insan resurslarının idarə olunması, rəsmi statistika anlayışı, statistika sahəsində milli təcrübə, statistik sorğuların, press-relizlərin hazırlanması, məlumatların toplanması, emalı və yayımlanması, rəsmi statistik məlumatların müasir tələblərə uyğun hazırlanması, sayıcılar üçün sorğu metodologiyası, onların müsahibə aparmaq bacarıqları, statistik qanunvericilik və s. mövzular üzrə məlumatlar verilib.
Daha sonra təlim iştirakçıları Koreya Statistika Komitəsinin regional bölmələrinə səfər edərək onların iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olublar.
Təlimin sonunda Komitə əməkdaşlarına sertifikatlar təqdim olunub.