Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi Cenevrədə keçirilən Əmək Statistiklərinin 21-ci Beynəlxalq Konfransında təmsil olunur
2023-cü ilin 11-20 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə Əmək Statistiklərinin 21-ci Beynəlxalq Konfransı keçirilir. 140 ölkənin milli statistika və müvafiq dövlət qurumlarından, həmçinin beynəlxalq və qeyri-dövlət təşkilatlarından 450 nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edir.
Konfrans Əmək Statistiklərinin Beynəlxalq Konfransının 100 illiyinə həsr olunmuş xüsusi plenar sessiya ilə işinə başlamışdır.
Tədbirdə qeyri-formal iqtisadiyyata dair yeni statistik standartlar, məşğulluğa dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi, layiqli əmək və ona aid dayanıqlı inkişaf məqsədləri göstəriciləri, onların qiymətləndirilmə metodları, könüllü əmək fəaliyyətinin və haqqı ödənilmədən ev işlərinin yerinə yetirilməsinin qiymətləndirmə metodologiyası, əmək fəaliyyəti və məşğulluğa dair qətnamədən irəli gələn tövsiyələrin milli səviyyədə tətbiqində mövcud problemlər və bu sahədə gələcək fəaliyyət istiqamətləri, Covid-19 pandemiyası dövründə də əmək statistikasına dair məlumatların əldə olunması imkanları, əmək miqrasiyası, uşaq əməyi və məcburi əməyin qiymətləndirilməsi sahələri üzrə statistik standartlar, əmək statistikasına dair inzibati məlumatlardan istifadə və s. mövzuları əhatə edən məsələlər müzakirə olunur.
Müzakirələr zamanı Dövlət Statistika Komitəsinin nümayəndəsi son bir ildə əmək fəaliyyəti növlərinə, o cümlədən məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsinə dair yeni standartların milli səviyyədə tətbiqi, Covid-19 pandemiyası dövründə də əmək statistikasına dair məlumatların əldə olunmasının davam etdirilməsi, inzibati məlumatlardan istifadə barədə ətraflı məlumat verib.
Bununla yanaşı, konfransda əmək fəaliyyətinin bütün növlərini əhatə etməklə əmək münasibətlərin əmək bazarının tələblərinə uyğun statistik qiymətləndirilməsi üçün mövcud standartların təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən konfransa təqdim edilmiş əmək fəaliyyəti, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsinə dair qətnaməyə, həmçinin qeyri-formal iqtisadiyyata, beynəlxalq əmək miqrasiyası statistikasına, məşğulluqdan əldə edilən gəlirin ölçülməsinə dair qətnamələrə və metodoloji tövsiyələrə edilmiş düzəlişlər və digər məsələlər də müzakirə olunacaqdır.