Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri haqqında
Cari ilin 4 ayı ərzində əhalinin adambaşına gəlirləri 2007-ci ilin eyni dövrü ilə müqayisədə 32.4 faiz artaraq 675.9 manat və ya 804.8 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 169.0 manat (201.2 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2007-ci ildəkindən 41.4 manat çoxdur. Adambaşına gəlirlərin nominal artımı istehlak mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərinin bahalaşmasını 14.6 faiz bəndi üstələmiş və əhalinin hər nəfərinə düşən real gəlirləri 12.4 faiz artmışdır. Yanvar-aprel aylarında ölkə əhalisi tərəfindən əldə edilmiş 5.8 milyard manatlıq gəlirin 67.9 faizi son istehlak xərclərinə, 9.2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 22.9 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5.2 milyard manatlıq və ya əvvəlki ildəkindən 34.9 faiz çox vəsait qalmışdır.