Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
BMT-nin Sənayenin İnkişafı Təşkilatının “Bir sıra Şərqi-Avropa və Mərkəzi Asiya ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi və sənayenin inkişafının təhlili üçün statistik göstəricilərin tərtib edilməsi” regional layihəsinin 2-ci mərhələsi ilə bağlı məsləhətləşmələr aparılıb
2024-cü ilin 7-9 fevral tarixlərində BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) tərəfindən Vyana şəhərində “Bir sıra Şərqi-Avropa və Mərkəzi Asiya ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi və sənayenin inkişafının təhlili üçün statistik göstəricilərin tərtib edilməsi” regional layihə çərçivəsində seminar keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və aparatın Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə iştirak ediblər.
MDB üzvü dövlətlərin statistika qurumlarının və sənaye statistikası üzrə struktur bölmələrin rəhbər heyəti üçün təşkil olunmuş seminarın əsas məqsədi UNIDO tərəfindən icrası 2019-cu ildə başa çatdırılmış əvvəlki analoji layihədən sonrakı dövr ərzində sənaye statistikasında baş vermiş dəyişikliklər nəzərə alınmaqla növbəti mərhələnin prioritetləri ilə bağlı məsləhətləşmələrin aparılması olub. Tədbirdə rəsmi statistik məlumatlara əsaslanan qərarların qəbulu və təhlillər üçün sənaye statistikasının təkmilləşdirilməsi, DİM-9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə nail olunmasında ölkə tərəqqisinin monitorinqi zamanı zəruri olan məlumatlarla bağlı statistika qurumlarının potensialının gücləndirilməsi, 4-cü Sənaye İnqilabı kontekstində statistik məlumatlara artan tələbatın ödənilməsi, sənayedə səmərəlilik, rəqəmsal iqtisadiyyat və s. məsələlər müzakirə olunub.
Seminarda iştirakçı ölkələrin nümayəndələri tərəfindən sənaye statistikasının mövcud vəziyyəti, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə təqdimatlar edilib, qarşılıqlı müzakirələr aparılıb, layihənin 2-ci mərhələsi ilə bağlı prioritetlərə dair rəy və təkliflər təqdim olunub.