Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Meşəbərpa tədbirlərinin aparılması haqqında
Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə və ya əvvəlki illə müqayisədə 19,6 faiz az meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılmış, 4,0 hektar sahədə meşə-bağlar, 8,0 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 5800 hektar sahədə təbii bərpaya kömək işləri görülmüşdür. Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil etmişdir.
Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilmiş, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılmışdır.
2023-cü ildə meşə fondu sahələrindən 100,0 ton və ya əvvəlki illə müqayisədə 14,2 faiz çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilmişdir ki, bunların da 97,7 tonu meşə- ağac və kol cinsləri toxumlarının, 2,3 tonu isə meyvə ağacları toxumlarının payına düşmüşdür.
Əlaqə telefonu: 012-377-10-70 (daxili 22-40)