2024-cü ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında

13.05.2024, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-aprel aylarında 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.

Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artmışdır.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55,0 faiz, tikinti materiallarının istehsalı 44,6 faiz, mebel istehsalı 36,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5 faiz, içkilərin istehsalı 27,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 faiz, tütün məmulatlarının istehsalı 19,2 faiz, geyim istehsalı 19,1 faiz, elektrik avadanlıqlarının istehsalı 17,7 faiz, hazır metal məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,6 faiz, əczaçılıq məhsullarının istehsalı 6,4 faiz, neft məhsullarının istehsalı 5,3 faiz, qida məhsullarının istehsalı 0,7 faiz, kağız və karton istehsalı 0,4 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 faiz, poliqrafiya məhsullarının istehsalı 8,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9 faiz, maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, sair sənaye məhsullarının istehsalı isə 59,8 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 faiz artmışdır.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)