Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2024-cü ilin yanvar-iyun aylarında narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 18518 cinayət hadisəsinin 5674-ü (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz az) və ya 30,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 67,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 30,0 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,0 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,1 faizi isə digər cinayətlərdir.
Hesabat dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 3856 şəxs müəyyən edilmişdir ki, onların da 34,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 67,8 faizi əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3,1 faizi qadınlar, 0,6 faizi isə xarici ölkə vətəndaşlarıdır. Cinayət törədənlərin 7,6 faizini 24 və aşağı yaşlı, 15,9 faizini 25-29 yaşlı, 76,5 faizini isə 30 və yuxarı yaşlı şəxslər təşkil etmişdir.
Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərdən 1757-si narkomanlar, 3-ü toksikomanlar, 2-si isə narkotik təsir altında olan şəxslər tərəfindən törədilmişdir. Narkomanlar tərəfindən törədilmiş cinayətlərin 91,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 5,9 faizi oğurluq, 0,2 faizi dələduzluq, 2,7 faizi isə digər cinayətlərin payına düşür.
2024-cü ilin yanvar–iyun ayları ərzində 4144,4 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2963,4 kiloqramını marixuana, 464,4 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 431,4 kiloqramını heroin, 109,5 kiloqramını tiryək, 27,6 kiloqramını həşiş, həşiş yağı və qətranı, 132,7 kiloqramını psixotrop maddələr (onlardan 132,2 kiloqramı metamfetamin), 15,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-70)