İdxal - ixrac əməliyyatları haqqında

04.08.2008

2008-ci ilin birinci yarısında Azərbaycan Respublikası 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 20 milyard 572.2 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 17 milyard 489.0 milyon dollarını (85.0 faizini) ölkədən ixrac olunmuş mallar, 3 milyard 83.2 milyon dollarını (15.0 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 14 milyard 405.8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4.1 dəfə, o cümlədən ixrac 6.9 dəfə, idxal 25.6 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 51.8 faizi Avropa Birliyi, 8.5 faizi MDB ölkələri ilə, 39.7 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 59.5 faizi Avropa, 26.5 faizi Asiya, 12.9 faizi Amerika, 1.0 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.6 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail, Fransa, Hindistan, Türkiyə, Rusiya, Birləşmiş Krallıq, Niderland, Xorvatiya, İspaniya və Almaniya ilə aparılmışdır.