Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanda demoqrafik vəziyyət
İlin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10200013 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olmuşdur.
Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 48702 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 9,6 təşkil etmişdir. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulmuşdur.
Cari ilin birinci yarısında ölkədə 29775 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşmüşdür.
Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.
2024-cü ilin altı ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1487 nəfər gələn, Azərbaycandan isə 1171 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 316 nəfər təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (daxili: 22-11)