Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin yanvar-iyun aylarında istehlak bazarı haqqında
2008-ci ilin yanvar-iyun aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 14,9 faiz üstələyərək 4 milyard 956,6 milyon manat olmuşdur. Dövriyyənin 15,6 faizi hüquqi şəxslərin, 45,6 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 38,8 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 3 milyard 224,3 milyon manatlıq ərzaq, 1 milyard 732,3 milyon manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 10,3 və 27,1 faiz artmışdır. Altı ay ərzində əhaliyə 1 milyard 423,1 milyon manatlıq və ya 29,5 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,3 faizi hüquqi, 20,7 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,5 və 8,1 faiz çox pullu xidmət göstərilmişdir.