Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Özəlləşdirmənin gedişi haqqında
Həyata keçirilən özəlləşdirmə prosesi çərçivəsində ölkədə 2008-ci il iyul ayının 1-dək ümumi dəyəri 212,2 milyon manat olan 49445 kiçik müəssisə və obyekt, o cümlədən 945 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 581 tikinti təşkilatı, 3919 ticarət, 1125 iaşə müəssisəsi, 10169 məişət xidməti, 691 yanacaq-doldurma məntəqəsi, 20346 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 202 kommunal təsərrüfatı obyekti və 11344 digər dövlət müəssisəsi, obyektləri və avadanlıqlar özəlləşdirilmişdir. 2008-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 26,2 milyon manat olan 967 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Bu proses Naxçıvan MR, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Şəki, Lənkəran, Ağdaş, Qazax, Quba, Neftçala, Naftalan rayonlarında daha fəal aparılmışdır. Bununla yanaşı, yarımil ərzində nizamnamə kapitalının həcmi 6,2 milyon manat olan 8 dövlət müəssisəsi, o cümlədən 4 tikinti, 1 sənaye, 1 kənd təsərrüfatı, 1 nəqliyyat və 1 digər müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. Yanvar-iyun aylarında 429 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 8,5 milyon manat vəsait əldə edilmişdir. Altı ay ərzində səhmlərinin ümumi dəyəri 30,1 milyon manat olan 82 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılmış və onların 4,3 milyon manatlıq hissəsi satılmışdır. 1,1 milyon manatlıq səhmlər qapalı abunə yolu ilə əmək kollektivlərinə və çek hərraclarında, 3,2 milyon manat dəyərində olan səhmlər isə pullu auksionlarda satılmışdır. 2008-ci ilin yanvar-iyun aylarında ölkə sakinləri tərəfindən ümumi sahəsi 513,5 min kv.metr olan 7,9 min mənzil özəlləşdirilmişdir. Özəlləşdirmə başlanan dövrdən iyul ayının 1-dək 397,4 min mənzil və ya özəlləşdirilməsi nəzərdə tutulmuş bütün mənzillərin 64,3 faizinin özəlləşdirilməsi başa çatdırılmışdır.