Dövlət Statistika Komitəsi Koreya Statistika Komitəsinin statistika sahəsində tərəfdaş qurumlar üçün təşkil etdiyi konfransda təmsil olunub

05.12.2024, 13:12

2024-cü ilin 4-5 dekabr tarixlərində Koreya Statistika Komitəsi (KOSTAT) tərəfindən Koreya Respublikasının Seul şəhərində statistika sahəsində tərəfdaş qurumlar üçün konfrans keçirilib.

Tədbirin məqsədi KOSTAT tərəfindən 2012-2024-cü illərdə milli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş “İnkişafa rəsmi yardım” (ODA) layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlər də daxil olmaqla, qazanılmış bilik və təcrübələri bölüşmək, statistika sahəsində yeni layihələrin həyata keçirilməsi üçün istiqamətləri müzakirə etmək, tərəfdaş qurumlarla birgə fəaliyyətlərin müəyyən edilməsi ilə əməkdaşlığın səmərəliliyini artırmaq, eləcə də statistika sahəsində əlaqələndirmə və məlumat mübadiləsinin gücləndirilməsi üçün sözügedən layihədə iştirak edən qurumlar arasında qarşılıqlı kommunikasiya üçün platforma təşkil etməkdən ibarət olmuşdur.

Konfransda Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak ediblər. Tədbir zamanı ODA layihəsi çərçivəsində KOSTAT-ın dəstəyi ilə Azərbaycanda 2018-2023-cü illərdə həyata keçirilmiş layihələr və onların nəticələri ilə bağlı təqdimat edilib, eyni zamanda Dövlət Statistika Komitəsi tərəfindən son illər uğurla reallaşdırılmış islahatlar, əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. ODA layihəsinin gələcək inkişaf istiqamətlərinə həsr olunmuş panel müzakirələrdə isə  layihənin dayanıqlılığı ilə bağlı ölkə təcrübəsinə və bununla bağlı əsas məqamlara dair suallar cavablandırılıb.  

Tədbir çərçivəsində Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında ikitərəfli görüş keçirilib, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində yeni əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.