BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun İdarəetmə Şurasının 20-ci sessiyası və Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin 9-cu sessiyası keçirilib

13.12.2024, 15:59

2024-cü ilin 9-13 dekabr tarixlərində Tailand Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun İdarəetmə Şurasının 20-ci sessiyası və Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin 9-cu sessiyası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov iştirak edib.

İdarəetmə Şurasının 20-ci sessiyasında 2024-cü ildə İnstitutun fəaliyyəti ilə bağlı hesabat və 2025-2029-cu illər üçün strateji plan da daxil olmaqla bir sıra məsələlərə baxılıb. Statistika Komitəsinin 9-cu sessiyasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Heç kim kənarda qalmasın” prinsipinin həyata keçirilməsi məqsədilə strategiyanın hazırlanması üçün məlumatlardan istifadə haqqında Bəyannamənin yerinə yetirilməsi sahəsində əldə olunmuş nailiyyətlər müzakirə olunub, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də nəzərdə tutulan məsələlərin icrası istiqamətində prioritetlər nəzərdən keçirilib. Tədbirlər “Məlumatın gücü” mövzusunda təşkil olunmuş “Asiya-Sakit okean Statistika Həftəsi 2024”  çərçivəsində keçirilib.

Tədbir çərçivəsində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru xanım Shailja Sharma ilə görüşən Vahab Məmmədov Azərbaycanda baş verən sosial-iqtisadi inkişaf, statistika sistemində aparılan islahatlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri barədə məlumat verib. Qeyd edilib ki, bütün bu işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin daha da yaxşılaşdırılmasına öz təsirini göstərir və statistik müşahidələr artıq ölkənin bütün ərazilərini əhatə edir.

Eyni zamanda, tədbir zamanı Türkiyə, Çin, Vyetnam, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın statistika qurumlarının yüksək səviyyəli nümayəndələri ilə ikitərəfli əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.