Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanin demoqrafik göstəriciləri
2008-ci il oktyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 8699 min nəfər olmuş və cari ilin 9 ayı ərzində 69 min nəfər və yacxud 0,8 faiz artmışdır. Əhalinin ümumi sayından 4501 min nəfəri və ya 51,7 faizi şəhər, 4198 min nəfəri, yaxud 48,3 faizi kənd sakinləridir.
Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 nəfər qadın düşür.
Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu isə - 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 107,9 min, təxminən gündə 394 körpə dünyaya gəlmiş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 17 nəfər olmuşdur. Doğulanların ümumi sayından 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil etmişdir. Körpələrin 1110-u əkiz, 18-i üçəmdir. Üçəm doğulanların 9-u Bakı şəhərində, qalanı isə Sumqayıt şəhərində, Tərtər və Sabirabad rayonlarında baş vermişdir. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi diri doğulanların ümumi sayında 10 faiz təşkil etmişdir. Doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray olmuşdur.
Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təcxminən iki doğulmuş uşaq düşür.
İlin əvvəlindən ölkədə 39,9 min ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər min nəfərinə hesabı ilə 6,2 ölüm deməkdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sistemi orqanlarının xəstəliklərindən ibarətdir.
Cari ilin əvvəlindən Azərbaycanda 54,5 min nikah və 5,7 min boşanma qeydə alınmışdır.