

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası və Rəsmi Statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir
2025-ci ilin 3-7 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası və məlumatların idarə olunmasına həsr olunmuş Rəsmi Statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.
Sessiyanın müzakirəsinə 22 sənəd çıxarılıb, 10 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada əhali və mənzil fondunun siyahıyaalınması, Statistika Komissiyasının iş metodları, rəsmi statistikanın əsas prinsipləri, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, statistikanın müxtəlif sahələri, ekoloji-iqtisadi hesablar, beynəlxalq statistik təsnifatlar, ev təsərrüfatlarının seçmə müayinələri, məlumat elmi, keyfiyyətin təmin olunması üzrə milli baza prinsipləri, regional statistik inkişaf, Ümumdünya Statistika Günü ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib. Eyni zamanda qeyri-formal iqtisadiyyat, energetika, maliyyə, sənaye, qiymət, insan inkişafı statistikası, beynəlxalq müqayisələr proqramı, məlumat və metaməlumatların mübadiləsi və bölüşülməsi üçün ümumi açıq standartlar, statistika sistemlərinin idarə olunması və modernizasiyası, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası istiqamətində görülmüş işlərə dair hazırlanmış məruzələr barədə məlumat verilib. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, ekoloji-iqtisadi hesablarla bağlı Sessiyanın müzakirəsinə çıxarılmış məsələlərə dair Azərbaycanın da mövqeyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Məqsədin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə edilməsi təşəbbüsü, 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirildiyi vurğulanıb.
Rəsmi Statistika üzrə Yüksək Səviyyəli Forumda isə məlumat idarəçiliyinə dair aktual məsələlərə baxılıb.
Tədbir barədə ətraflı məlumatları United Nations Statistical Commission 56th Session (2025) linkindən əldə etmək olar.