Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
29 yanvar 2009-cu il tarixdə Dövlət Statistika Komitəsində görüş
30.01.2009
29 yanvar 2009-cu il tarixdə Dövlət Statistika Komitəsinin binasında Komitənin sədri Arif Vəliyevin və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Məhəmməd Bendriss Əlaminin görüşü olmuşdur.
Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Məhəmməd Bendriss Əlamini salamlayaraq, Dövlət Statistika Komitəsi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirmişdi. Öz növbəsində, cənab Məhəmməd Bendriss Əlami bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmiş, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etmişdir.
Ümumiyyətlə, görüş zamanı 2008-ci ildə əldə edilmiş nailiyyətlər və 2009-cu ildə görüləcək işlər müzakirə edilmişdir. 2008-ci ildə birgə fəaliyyət nəticəsində "Demoqrafiya və Sağlamlıq Sorğusu" hesabatının yekunlaşdırılaraq təqdim olunması və əlaqədar qurumlara paylanması, "TRANSMONEE" layihəsi çərçivəsində Azərbaycan üzrə 2007-ci ilin məlumatlarının və uşaqların müdafiəsi üzrə təhlilin hazırlanaraq UNİCEF-ə göndərilməsi, "Devİnfo" texnologiyasından istifadə etməklə Azərbaycanın Minilliyin İnkişafı Məqsədləri üzrə məlumat bazası - Azərbaijanİnfonun ilkin internet versiyasının hazırlanması və sınaqdan keçirilmək üçün sayta (www.azerbaijaninfo.az) yerləşdirilməsi işlərinin uğurla başa çatdırılması UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri tərəfindən xüsusilə vurğulanmışdır. Eyni zamanda, 2009-cu il üçün prioritet olan Azerbaijanİnfo-nun ilkin internet versiyasının alınmış şərhlər üzrə yekunlaşdırılaraq Dövlət Statistika Komitəsi və UNİCEF tərəfindən ictimaiyyətə təqdim olunması, Azerbaijanİnfo-nun il ərzində rayon və iqtisadi regionlar üzrə əlavə məlumatlarla zənginləşdirilməsi və göstəricilərin təriflərinin razılaşdırılaraq bazaya daxil edilməsi, "TRANSMONEE" layihəsini davam etdirərək 2008-ci il üzrə məlumatların toplanması və UNİCEF-ə göndərilməsi kimi vacib məsələlərə də toxunulmuşdur.
Qeyd olunanlardan əlavə cənab Məhəmməd Bendriss Əlami bu il keçiriləcək siyahıyaalma ilə də maraqlandı. Bu barədə məlumat verərək cənab A.Vəliyev bildirdi ki, siyahıyaalma hər 10 ildən bir keçirilir, bu zaman 25-26 min adam müvəqqəti olaraq işə götürülür. Siyahıyaalmaya hazırlıq işləri 3 ilə yaxın müddət ərzində aparılır, siyahıyaalmanın özü isə 10 gün ərzində həyata keçirilir. Bundan sonra 1 il müddətində alınmış nəticələr təhlil edilir. Hazırda bütün hazırlıq işlərinin başa çatdırıldığı və artıq kadr seçiminin aparıldığı qeyd edilmişdir.
Sonda UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Məhəmməd Bendriss Əlami səmimi qəbula görə minnətdarlığını bildirdi.