Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
8 mart Beynəlxalq Qadınlar Günüdür Azərbaycanda qadınlar
04.03.2009
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərir. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Cari il mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,6 faizini və ya 4 milyon 424 min nəfərini qadınlar təşkil edir və onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Qadınların 50,6 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla 2 uşaq doğmuşdur. Ötən il doğulmuş 152 min körpənin 46 faizini qızlar təşkil etmişdir.
Qız uşaqlarına verilmiş adlar içərisində ən çox "Fatimə" adına təsadüf olunur. Şəhər yerlərində "Fatimə" adından başqa daha çox verilən ad "Fidan", kənd yerlərində isə "Nərmin" olmuşdur. Bu adlarla yanaşı, Aysu, Zəhra, Nuray, Nəzrin, Leyla və Zeynəb də geniş yayılmış adlardandır.
Qadınların sağlamlığının qorunması dövlətin ən mühüm məsələlərindən biridir. Hazırda ölkədə 28 doğum evi, 317 qadın məsləhətxanası, 590 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Bu gün qadınların gözlənilən ömür uzunluğu 75,1 yaş təşkil edərək kişilərdən 5,4 yaş yüksəkdir.
Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır və onların cəmiyyətdəki rolu daim artır. Qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışır və onların məşğul əhalinin ümumi sayında payı 49,5 faizdir.
Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir. Ümumtəhsil məktəblərində müəllimlərin 73 faizi, orta ixtisas məktəblərində 74 faizi, ali məktəblərdə 46 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Qadınların təhsil səviyyəsi də ildən ilə artır, 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəbləri şagirdlərinin 47 faizi, orta ixtisas məktəblərinin 69 faizi, ali məktəblərinin isə təxminən yarısı qızlardan ibarətdir.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Bu gün aspirantların və doktorantların 33 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi olan qadınların sayı artmaqda davam edir. Son 5 ildə elmlər doktoru dərəcəsi alan qadınların sayı 44 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 18 faiz artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si və akademiklərdən 3-ü qadındır.
Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi artır və əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 11,2 faizdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 29 faiz, sahibkarlar arasında isə 15 faizdir. İdman seksiyalarında məşğul olanların 21 faizi qadınlardır. Hazırda ölkənin hər beş ev təsərrüfatlarının birinə qadınlar başçılıq edir.