İdxal - ixrac əməliyyatları haqqında

12.03.2009

2009-cu ilin yanvar ayında Azərbaycan Respublikası 92 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 1.2 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 681.5 milyon dollarını (56.8 faizini) ölkədən ixrac olunmuş mallar, 518.8 milyon dollarını (43.2 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 162.7 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2008-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 6.9 faiz, o cümlədən ixrac 8.9 faiz, idxal 4.5 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 48.4 faizi Avropa Birliyi, 16.7 faizi MDB ölkələri ilə, 34.9 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 63.7 faizi Avropa, 24.4 faizi Asiya, 11.7 faizi Amerika, 0.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.7 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, Almaniya, Türkiyə, Böyük Britaniya, İsrail, Ukrayna, Tayvan (Çinin əyaləti), Gürcüstan və Çin dövlətləri ilə aparılmışdır.