Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2009-cu ilin birinci rübündə Azərbaycan Respublikası 108 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 3.8 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 2.5 milyard dollarını (65.2 faizini) ölkədən ixrac olunmuş mallar, 1.3 milyard dollarını (34.8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1.2 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2008-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 31.3 faiz, o cümlədən ixrac 1.6 dəfə artmış, idxal 2.3 faiz azalmışdır. İxrac-idxal əməliyyatlarının 45.6 faizi Avropa Birliyi, 16.5 faizi MDB ölkələri ilə, 37.9 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 58.5 faizi Avropa, 28.0 faizi Asiya, 13.3 faizi Amerika, 0.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.5 faizi) İtaliya, Fransa, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Almaniya, İsrail, Türkiyə, Kanada, Gürcüstan, Ukrayna, Koreya Respublikası, Böyük Britaniya və İndoneziya dövlətləri ilə aparılmışdır.