Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1 iyun uşaqların beynəlxalq müdafiəsi günüdür.
Azərbaycanda uşaqlar
Azərbaycanda uşaqlar daim diqqət mərkəzindədir, məhz bu səbəbdən də Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş və həmin Konvensiyanın müddəalarına uyğun olaraq öz öhdəliklərini tam həcmdə yerinə yetirir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətin onlara qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, eləcə də ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Bu gün 18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir. 2008-ci ildə Azərbaycanda 152,1 min, cari ilin dörd ayı ərzində isə 48,4 min körpə dünyaya gəlmişdir ki, onların da 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir. Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 72,6 yaş, o cümlədən oğlanlarda 69,9, qızlarda isə 75,4 yaş təşkil edir. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Məhəmməd, Əli, Hüseyn, Murad və Nihad, qız adları isə Fatimə, Zəhra, Nərmin və Nuray olmuşdur. Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2009-cu ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim pediatr çalışmışdır. Sağlam nəslin yetişməsində idman və bədən tərbiyəsinin rolu əvəzsizdir. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 339 min nəfər olmuşdur. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstu tennis kimi idman növlərinə maraq göstərirlər. Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. 2009-cu il aprel ayının 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunmuşdur. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olmuşdur. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilmişdir. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı almışdır. Ölkəmizdə bütün uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir. Bu gün Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.