Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin sayı və onların əmək haqqı barədə
Cari ilin əvvəlinə ölkədə dövlət qulluğunun vəzifələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.5 faiz artaraq 28.0 min nəfər olmuş və onların 28.5 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluğunda işləyənlərin 2.2 faizi inzibati vəzifələrin 1-4-cü, 79.6 faizi 5-9-cu təsnifatları üzrə, 18.2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalışırlar. Dövlət qulluğunun vəzifələrində işləyənlərin 7.8 faizi 1 ilədək, 26.9 faizi 1-5 il, 23.7 faizi 5-10 il, 18.3 faizi 10-15 il, 23.3 faizi isə 15 və daha çox qulluq stajına malikdir. İşləyənlərin əsas hissəsi (55.6 faizi) 35-54 yaşda olanlardır. Dövlət qulluğunun vəzifələrində çalışan işçilərin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşadək olan qulluqçular 16.5 faiz, 30-34 yaşda olan qulluqçular 12.4 faiz, 35-44 yaşda olan qulluqçular 24.7 faiz, 45-54 yaşda olan qulluqçular 30.9 faiz və 55 və yuxarı yaşda olan qulluqçular 15.5 faiz təşkil etmişdir. 5-9-cu təsnifat üzrə inzibatı vəzifələrdə çalışanların 15.6 faizini şöbə müdirləri, 10.2 faizini şöbə müdirinin müavinləri, 8.3 faizini sektor müdirləri, 24.6 faizini baş məsləhətçilər, 5.4 faizini böyük məsləhətçilər, 13.8 faizini aparıcı məsləhətçilər və 22.1 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91.8 faiz komplektləşdirilmişdir. Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin orta aylıq əmək haqqı 345 manat, o cümlədən qadınların 434 manat təşkil etmiş və bir il ərzində müvafiq olaraq 45.4 və 49.7 faiz artmışdır.