Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2009-cu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası 117 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 5.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 3.54 milyard dollarını (66.1 faizini) ölkədən ixrac olunmuş mallar, 1.82 milyard dollarını (33.9 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1.72 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2008-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 92.6 faiz, müqayisəli qiymətlərlə 95.1 faiz təşkil etmişdir. İxrac-idxal əməliyyatlarının 44.8 faizi Avropa Birliyi, 16.6 faizi MDB ölkələri ilə, 38.6 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 57.7 faizi Avropa, 28.6 faizi Asiya, 13.1 faizi Amerika, 0.5 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.6 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, İsrail, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Kanada, İndoneziya, Koreya Respublikası və Çin dövlətləri ilə aparılmışdır.