2009-cu ilin yanvar-iyul aylarında istehlak bazarı haqqında

11.08.2009

2009-cu ilin yanvar-iyul aylarında ticarət şəbəkəsindən əhaliyə 6,5 milyard manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 8,5 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 4,3 milyard manatını ərzaq, 2,2 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 10,8 və 3,7 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,3 faizi hüquqi şəxslərin, 43,0 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 41,7 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. 2009-cu ilin yeddi ayı ərzində əhaliyə 2,1 milyard manatlıq və ya 12,8 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 80,1 faizi hüquqi, 19,9 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 13,7 və 9,1 faiz çox pullu xidmət göstərilmişdir.