Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2009-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 10.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 7.2 milyard dollarını (68.8 faizini) ölkədən ixrac olunmuş mallar, 3.2 milyard dollarını (31.2 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 4.0 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 52.4 faizi Avropa, 32.8 faizi Asiya, 13.6 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.7 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, İsrail, Türkiyə, Almaniya, İndoneziya, Kanada, Ukrayna, Böyük Britaniya, Tayvan (Çinin əyaləti), Gürcüstan, Çin, Hindistan və Malayziya dövlətləri ilə aparılmışdır.