Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
"Əhalinin fasiləsiz təhsildə iştirakına dair" seçmə statistik müayinənin yekunları haqqında
15.09.2009
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın 3.12-ci bəndinə uyğun olaraq, Dövlət Statistika Komitəsi 2009-cu il iyul ayının 1-dən 10-dək ölkənin bütün ərazisində "Əhalinin fasiləsiz təhsildə iştirakına dair" birdəfəlik seçmə statistik müayinə keçirmişdir.
Fasiləsiz təhsil - əhalinin ömrü boyu aldığı formal, qeyri-formal, eləcə də informal təhsilini əhatə edir və YUNESKO tərəfindən dünyanın bütün dövlətlərində təhsil sahəsində islahatların keçirilməsi üçün əsas meyar kimi qəbul edilmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa əsasən:
formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatır;
qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır;
informal təhsil - özünü təhsil forması yolu ilə biliklərə yiyələnmənin formasıdır;
"Əhalinin fasiləsiz təhsildə iştirakına dair" müayinə ilə seçməyə düşmüş 18000 ev təsərrüfatı və onlarda yaşayan 33486 nəfər 25-64 yaşlı şəxs əhatə olunmuşdur. Sorğu olunanların 55,4 faizini şəhər sakinləri, 49,7 faizini kişilər, 50,3 faizini qadınlar, 39,1 faizini 25-39 yaşda, 29,6 faizini 40-49 yaşda, 31,3 faizini 50-64 yaşda olanlar təşkil etmişdir.
Respondentlərin 20,4 faizi ali, 13,5 faizi orta ixtisas, 5,3 faizi ilk peşə - ixtisas, 52,8 faizi tam orta, 6,3 faizi ümumi orta, 1,3 faizi ibtidai təhsilə malikdir, 0,4 faizi isə savadlı olsalar da, tam ibtidai təhsili olmayanlardır.
Müayinənin nəticələrinə görə, sorğu olunan 25-64 yaşlı əhalinin 86,2 faizi son 12 ay ərzində fasiləsiz təhsildə, o cümlədən 0,3 faizi formal, 14,7 faizi qeyri-formal, 71,2 faizi informal təhsildə iştirak etmişdir. Şəhər yerlərində bu göstəricilər kənd yerlərinə nisbətən xeyli yüksək olmuş və müvafiq olaraq 70,3; 0,1; 8,9 və 61,3 faizə qarşı 98,9; 0,4; 19,3 və 79,2 faiz olmuşdur.
Formal təhsil alan respondentlərin 95 faizi, qeyri-formal təhsil alanların 85,2 faizi 25-39 yaşlı şəxslərdir.
Formal və ya qeyri-formal təhsildə iştirak etməyənlərin 44 faizi təhsil üçün münasib vaxtın olmadığını və ya təhsil aldığı yerin uzaqda yerləşdiyini, 29,1 faizi təhsilin onu maraqlandırmadığını, 18,4 faizi ailə ilə bağlı səbəblərin və ya səhhətinin yol vermədiyini, 7,5 faizi təhsilin çox bahalı olmasını, bir faizi isə digər səbəblərin olduğunu bildirmişlər.
Formal təhsildə iştirak etmiş 99 nəfərin 82-si və ya 82,8 faizi şəhər yerlərində yaşamış, 72,7 faizi kişi, 27,3 faizi isə qadınlar olmuşdur.
Formal təhsil alanların 59,6 faizi orta ixtisas, 26,3 faizi ali, 10,1 faizi ilk peşə ixtisas müəssisələrində, 4 faizi aspirantura və doktoranturada, 74,7 faizi əyani, 24,3 faizi qiyabi, bir faizi isə axşam şöbələrində təhsil almışlar. Bu təhsil növündə iştirak edənlərin 66,7 faizi təhsilini davam etdirmələrinin daha yüksək səviyyəli iş tapmağı, 16,1 faizi məşğul olduğu yeri itirməməyi, 17,2 faizi şəxsi biznes qurmağı əsas səbəb kimi göstərmişlər.
Tələbələrin 15,2 faizi təhsil müəssisələrində təhsilə gün ərzində 3 saat, 33,3 faizi 4 saat, 51,5 faizi isə 5-6 saat vaxt sərf etmişlər.
Bu təhsil növündə öz biliklərini zənginləşdirmək üçün sorğu olunanların 82,8 faizi həm kompüterdən, həm də internetdən istifadə etdiklərini bildirmişlər.
Təhsil alanların 22,2 faizi işləməyənlərdir.
Təhsil aldıqları müddətdə işləyənlərin 6,5 faizi üçün işəgötürənlər tərəfindən təhsil haqqı bütövlükdə və ya qismən ödənilib, 75,3 faizi üçün ödənilməyib, 18,2 faizi üçün isə belə xərclər tələb olunmamışdır. İşəgötürənlər tərəfindən rəsmi təhsil üçün ödənilən məbləğin 60 faizi 200 manatdan 300 manatadək, müvafiq olaraq hər biri 20 faiz olmaqla 300 manatdan 500 manatadək və 500 manatdan 1000 manatadək olmuşdur.
Formal təhsil alanların 39,4 faizinin təhsil haqları özləri tərəfindən bütövlükdə və ya qismən ödənilmiş, 60,6 faizi üçün isə belə xərclər tələb olunmamışdır. Təhsil haqlarını özləri ödəyənlərin 12,8 faizi 200 manatdan 300 manatadək, 15,4 faizi 300 manatdan 500 manatadək, 61,5 faiz 500 manatdan 1000 manatadək, 10,3 faizi isə 1000 manatdan çox vəsait xərcləmişlər.
Formal təhsildəiştirak edənlərin hamısı təhsillə bağlı kitablara, dərs ləvazimatlarına və digər köməkçi vasitələrə xərc çəkmiş və çəkilən xərclərin 11,1 faizi 100 manatadək, 8,1 faizi 100 manatdan 200 manatadək, 22,2 faizi 200 manatdan 300 manatadək, 31,3 faizi 300 manatdan 500 manatadək, 27,3 faizi isə 500 manatdan 1000 manatadək olmuşdur.
Formal təhsil alanların 98 faizi təhsilini ölkə daxilində, 2 faizi isə xarici ölkələrdə almışlar.
Qeyri-formal təhsildə sorğu olunanların 4917 nəfəri iştirak etmiş və onların da 51,9 faizi kişi, 48,1 faizi isə qadınlar olmuşdur.
Qeyri-formal təhsildə iştirak edənlərin 52,3 faizi müxtəlif kurslarda, 33,2 faizi fərdi dərslərdə və mühazirələrdə, 10,1 faizi iş yerlərində, 4,4 faizi seminarlarda təhsilini artırmış və təhsili davam etdirmələrinin əsas səbəbi daha yüksək səviyyəli iş tapmaq (42 faiz), çalışdığı işi itirməmək (36,8 faiz) və şəxsi biznes qurmaq (21,2 faiz) olmuşdur.
Qeyri-formal təhsil alanların 1,6 faizi təhsilə gün ərzində 1 saatadək, 48,9 faizi 1 saat, 43,1 faizi 2-3 saat, 4,3 faizi 4-5 saat, 2,1 faizi 6 saatdan çox vaxt sərf etmişlər.
Bu təhsil növündə iştirak edənlər formal təhsildən fərqli olaraq yalnız kompüterdən istifadəyə (73,9 faiz) daha çox üstünlük vermişlər.
İşəgötürənlər tərəfindən işləyən və eyni zamanda qeyri-formal təhsildə iştirak edənlərin 2,4 faizi üçün təhsil haqqı qismən və ya tamamilə ödənilmişdir. İşəgötürənlər tərəfindən təhsil üçün ödənilən məbləğin 48,2 faizi 100 manatadək, 34,5 faizi 100 manatdan 200 manatadək, 15,5 faizi 200 manatdan 500 manatadək, 1,8 faizi 500 manatdan 1000 manatadək olmuşdur.
Qeyri-formal təhsil alanların 88,8 faizinin təhsil haqları özləri tərəfindən ödənilmiş və onların 25,9 faizi 100 manatadək, 41,8 faiz 100 manatdan 200 manatadək, 26,8 faizi 200 manatdan 300 manatadək, 5,2 faizi 300 manatdan 500 manatadək, 0,3 faizi isə 500 manatdan 1000 manatadək ödəmişdir.
Təhsil alanların 99,4 faizi ölkə daxilində, 0,6 faizi isə xarici ölkələrdə öz biliklərini zənginləşdirmişlər.
İnformal təhsildə sorğu olunanların 71,2 faizi iştirak etmiş və bu təhsillə bütün yaş qruplarında olanlar əhatə olunmuşdur ki, onların da 42,6 faizi 25-39 yaşda, 28,8 faizi 40-49 yaşda, 28,6 faizi 50-64 yaşda olanlardır.
İnformal təhsil alanların 62 faizi kütləvi informasiya vasitələrinin, 23,7 faizi kompüterin köməkliyi ilə, 8,9 faizi ailə üzvləri, dostlar, kolleqalarla biliklərini bölüşdürməklə, 2,8 faizi videomaqnitofon və DVD-nin köməkliyi ilə, 2,6 faizi təhsil mərkəzlərini, kitabxanaları, mədəniyyət ocaqlarını, muzeyləri, milli və təbii qoruqları gəzməklə öz biliklərini zənginləşdirmişlər.
Daha ətraflı məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan statistik bülletendə öz əksini tapacaqdır.