Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu ilin yanvar-sentyabr aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Doqquz ayda nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,6 min nəfər təşkil etmişdir. Onların 82,7 faizi dövlət müəssisələrində, 17,3 faizi özəl bölmədə çalışır. İşçilərin 59,9 faizi quru yol, 13,6 faizi dəniz, 12,8 faizi hava nəqliyyatı və 13,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Ötən ilin doqquz ayı ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 22,5 faiz artaraq 361,6 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 707,0 manat, dəniz nəqliyyatında 497,7 manat, avtomobil nəqliyyatında 364,9 manat, dəmir yolu nəqliyyatında isə 187,3 manat təşkil etmişdir. Əmək haqqının artımı dəniz nəqliyyatında 12,5 faiz, avtomobil nəqliyyatında 25,1 faiz, dəmir yolu nəqliyyatında 13,0 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 1,1 faiz çoxalaraq 23,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 16,6 faiz artaraq 433,2 manat olmuşdur.