"Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinənin nəticələri barədə

25.11.2009

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli, 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın 2.1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən cari ilin sentyabr ayının 1-i vəziyyətinə "Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinə keçirilmişdir. Müayinə ilə əhatə olunmuş kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxananın 2322-si və ya 27,3 faizi şəhər yerlərində, 6185-i və ya 72,7 faizi kənd yerlərindədir. Tabeçilik baxımından onların 50,7 faizi Təhsil Nazirliyinin (48,0 faizi ümumtəhsil, 2,7 faizi ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində), 46,6 faizi Mədəniyyət və Turizm Nazirliyinin (44,8 faizi kütləvi kitabxanalarda, 1,8 faizi musiqi məktəblərində) 2,7 faizi isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir. Kitabxanaların 23,4 faizi Aran, 14,9 faizi Gəncə-Qazax, 11,7 faizi Lənkəran, 9 faizi Şəki-Zaqatala, 8,4 faizi Bakı şəhəri, 8,2 faizi Quba-Xaçmaz, 7,1 faizi Yuxarı Qarabağ, 5,8 faizi Naxçıvan, 4,9 faizi Dağlıq Şirvan, 4,5 faizi Kəlbəcər-Laçın və 2,1 faizi Abşeron iqtisadi rayonlarındadır. Kitabxanaların 111,0 milyon nüsxədən ibarət olan fondunun 80,5 faizini kitablar, 5,4 faizini qəzet və jurnallar, 14,1 faizini isə digər materiallar təşkil edir ki, onların da 72,8 faizi şəhər, 27,2 faizi isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür. Kitabxana fondunun 34,6 faizi ümumtəhsil məktəblərində, 32,0 faizi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4 faizi elmi və elmi-texniki kitabxanalarda, 12,0 faizi isə digər müəssisə və təşkilatların kitabxanalarındadır. Kitabxanalarda olan fondun 65,5 faizi azərbaycan, 31,1 faizi rus, 2 faizi ingilis dillərində, 1,4 faizi digər dillərdədir. Azərbaycan dilində olan ümumi fondun 71,9 faizi latın, 28,1 faizi isə kiril əlifbasındadır. Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6 faiz, kənd yerlərində 56,8 faizdir. 2009-cu ilin I yarısında kitabxanalara 4,8 milyon müraciət olmuş, 53,4 milyon kitab və ya digər informasiya mənbələrindən istifadə edilmişdir. Müraciətlərin 39,6 faizi 18 yaşınadək uşaqlar tərəfindən olmuşdur. Kitabxanalardakı 1695 kompüterdən 94,2 faizi şəhər, 5,8 faizi isə kənd yerlərinin payına düşür. Müayinənin nəticələrinə görə mövcud kompüterlərin 56,5 faizi istifadəçilər üçün, 43,5 faizi isə kitabxana əməkdaşları üçündür. Kitabxanalarda mövcud olan kompüterlərin 705-i və ya 41,6 faizi internetə qoşulmuş, 86 kitabxanada elektron poçt, 30 kitabxanada isə elektron kataloq mövcuddur. İnternetə çıxışı, elektron poçtu və elektron kataloqu olan bütün kitabxanalar şəhər yerlərində yerləşir. Kitabxanaların ştatında olan 8727 nəfər mütəxəssisdən cəmi 3346 nəfəri və ya 38,3 faizi kitabxana üzrə ali və orta ixtisas təhsili, 2579 nəfəri, yaxud 29,6 faizi digər sahələr üzrə ali və orta ixtisas təhsili, 2802 nəfəri və ya 32,1 faizi isə ümumi orta təhsili olan şəxslərdir.