Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2009-cu ilin yanvar-noyabr aylarında sənayenin inkişafı haqqında
İqtisadiyyatın sənaye sahəsində 19.8 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8.2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Əsas sənaye məhsullarından xam neftin hasilatı 13.5 faiz artaraq 46.4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1.3 faiz artaraq 14.8 milyard kub metr olmuşdur. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92.7 faizi sənaye mallarının (əmtəələrin), 7.3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Mədənçıxarma bölməsində istehsalın həcmi 15.0 milyard manat, emal bölməsində 3.8 milyard manat, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 1.0 milyard manat olmuşdur. İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 230.6 milyon manatlıq və ya əvvəlki ayla müqayisədə 4.6 milyon manat az hazır məhsul ehtiyatı olmuşdur.