Azərbaycanda gənclər

01.02.2010

2 FEVRAL AZƏRBAYCANDA GƏNCLƏR GÜNÜDÜR

2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artmış və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açmışdır.
2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artmışdır. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatmışdır. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir. Gənclərin sağlam həyat tərzi sürmələri, idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılmasına diqqət durmadan artırılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il bütün beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 619, o cümlədən 249 qızıl, 176 gümüş, 194 bürünc medal qazanılmışdır ki, onlardan da 174-ü olimpiya idman növləri üzrə olan medallardır. Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə bu gün gənclərin 93 faizi öz sağlamlığını yaxşı qiymətləndirir.
Gənclərin təhsil səviyyəsi də ilbəil artır. Cari tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 138 min nəfər olan 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdlərin məbləği 7 dəfə, ali təhsil müəssisələrində isə bakalavr və magistrlərin təqaüdləri müvafiq olaraq 6 və 5 dəfə artırılmışdır.
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı da ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2081-ə çatmışdır. Onlardan 57 faizi Bakı şəhərinin orta məktəblərinin, 43 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır.
Ölkənin elmi potensialında gənclərin sayında da artım müşahidə olunur. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini gənclər təşkil edir.
Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı azalmış və bu göstərici 2004-cü ildəki 25,8 faizdən 2009-cu ildə 23,5 faizə enmişdir.