Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
DİQQƏT! DİQQƏT! Təsnifatlar haqqında
2010-cu ildən başlayaraq Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən statistik məlumatlar istifadəçilərə İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Məhsul Növləri Təsnifatı və Sənaye Məhsullarının Statistik Təsnifatının yeni üçüncü milli versiyaları əsasında təqdim ediləcəkdir. Bu təsnifatlar Avropa Birliyində İqtisadi fəaliyyət növləri təsnifatının (NACE rev.2) 2-ci redaksiyasına tam uyğun olaraq işlənib hazırlanmışdır və dünyada beynəlxalq standart kimi qəbul edilir. Hər üç təsnifat müvafiq nazirlik, komitə, idarə və digər təşkilatlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının dövlət təsnifatları kimi qeydiyyata alınmışdır. Əvvəlki təsnifatlarla müqayisədə hazırda qüvvədə olan təsnifatlarda bir sıra dəyişikliklər baş vermişdir. Belə ki, İqtisadi Fəaliyyət Növləri Təsnifatında iqtisadiyyatın sahələrinin, yəni bölmələrin sayı 17-dən 21-dək artmış, köhnə versiyada mövcud olmuş "Balıqçılıq, balıqyetişdirmə", "Mehmanxana və restoranlarla xidmətin göstərilməsi", "Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi" bölmələri ləğv edilmiş, "Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı" bölməsinin adından "ovçuluq" sözü, "Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi" bölməsindən "suyun istehsalı və bölüşdürülməsi" fəaliyyəti, "Nəqliyyat, anbar təsərrüfatı və rabitə" bölməsindən "rabitə" fəaliyyəti çıxarılmışdır. Bundan başqa "Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı" bölməsi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi" bölməsi "Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat", "Ev təsərrüfatları üzrə xidmətlər" bölməsi "Ev təsərrüfatlarının fəaliyyəti; Fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət", "Maliyyə fəaliyyəti" bölməsi "Maliyyə və sığorta fəaliyyəti" adlandırılmış, yeni "Su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi", "Yaşayışın təşkili və ictimai iaşə", "İnformasiya və rabitə", "Peşə, elmi və texniki fəaliyyət", "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", "İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət", "Digər sahələrdə xidmətlərin göstərilməsi" bölmələri yaradılmışdır. İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Məhsul Növləri Təsnifatı və Sənaye Məhsullarının Statistik Təsnifatının yeni versiyalarının ölkə ərazisində vahid dövlət standartı olduğunu və əvvəlki təsnifatların qüvvədən düşdüyünü nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistik məlumatların bütün istifadəçilərinə yeni terminologiyadan istifadə etməyi tövsiyə edir.