2009-cu ildə heyvanların cins tərkibinin yaxşılaşdırılması barədə

24.02.2010

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların həyata keçirilməsi ilə əlaqədar 2009-cu ildə də heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində dövlət və özəl damazlıq təsərrüfatları tərəfindən müəyyən işlər yerinə yetirilmişdir. Belə ki, hesabat məlumatlarına görə ötən il damazlıq məqsədilə təsərrüfatlara 1760 baş qaramal, 12621 baş qoyun və keçi, 12 baş at satılmışdır. 2008-ci illə müqayisədə satılmış cins qaramalın sayı 1.8 dəfə, qoyun və keçilərin sayı 27 faiz artmışdır. Heyvanların süni mayalandırılması üzrə görülmüş işlərin həcmi son illər genişlənməkdədir. Hesabat ilində 48760 baş inək, camış və düyə süni mayalandırılmış və bunların hamısı elit törədicilərin toxumları ilə həyata keçirilmişdir.