Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı
2010-cu ilin ilk iki ayında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz və yaxud müqayisəli qiymətlərlə 236,7 milyon manat artaraq 6,1 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 689,6 manat (858,5 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artmışdır. ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sənayedə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 25,7 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,1 faizi nəqliyyat, 6,6 faizi informasiya və rabitə, 27,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər, 4,3 faizi yaşayışın təşkili və ictimai iaşə xidmətləri, 37,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 6,9 faizini təşkil etmişdir.