Azərbaycanda demoqrafik vəziyyət

22.04.2010

2010-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25 min nəfər və yaxud 0,3 faiz artaraq 9022 min nəfərə çatmışdır. Əhalinin 54,1 faizi şəhər, 45,9 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, hər 1000 nəfər kişiyə 1039 nəfər qadın düşür. Əhalinin 23 faizi 0-14 yaşda, 70 faizi 15-64 yaşda, 7 faizi 65 və daha yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,2 faizini təşkil edir. Əhalinin orta yaşı 32, yeni doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir. 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanda 38,1 min, gündə təxminən 423 körpə doğulmuşdur ki, onların da 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edir. Yeni doğulanların 346-sı əkiz, 12-si üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,4-dən 17,4-dək artmışdır. Ölkədə orta hesabla bir qadına bütün ömrü boyu 2,3 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur. Cari ilin birinci rübündə 13,9 min ölüm, 14,2 min nikah və 1,9 min boşanma halları qeydə alınmış, 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə onların sayı eyni səviyyədə qalmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edir. 2010-cu ilin üç ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 0,5 min nəfərin gəldiyi və 0,2 min nəfərin ölkədən getdiyi qeydə alınmışdır.