Avropa Qonşuluq Siyasəti çərçivəsində "Tvinninq" layihəsi üzrə həyata keçirilən tədbirlərin gedişatı haqqında

29.04.2010

2010-cu il aprel ayının 26-27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti cənab Roderix Egeler və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti xanım Mariana Kotzeva Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində səfərdə olmuşlar. Səfərdə cənab Roderix Egelerin və xanım Mariana Kotzevanın əsas məqsədi Avropa Qonşuluq Siyasəti çərçivəsində Tvinninq layihəsi üzrə həyata keçirilən tədbirlərin gedişatı ilə tanış olmaqdan ibarət olmuşdur. Səfər dövründə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli, 835 nömrəli Sərəncamına uyğun olaraq "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət Bəyannaməsi" imzalanmışdır. Bəyannamənin imzalanması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində informasiya texnologiyalarının tətbiq edilməsi, müasir statistik metod və üsulların tətbiq olunması, hər iki ölkənin sosial iqtisadi inkişafına dair statistik məlumat və nəşrlərin mübadiləsi, statistik məlumatlar bazasının yaradılması və idarə olunması, statistik məlumatların toplanmasında informasiya texnologiyalarının tətbiq edilməsi və bir sıra digər sahələrdə təcrübə mübadiləsinin, habelə elmi-metodoloji tədqiqatların aparılmasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaqdır. Eyni zamanda 1999-cu ildə imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu arasında statistika sahəsində əməkdaşlıq Saziş"inə uyğun olaraq iki ölkənin statistika orqanları arasında 2010-2012-ci illəri əhatə edən dövr üçün tədbirlər planı da imzalanmışdır. Tədbirlər planına uyğun olaraq iki il ərzində ticarət, xidmət və turizm, xarici ticarət, əmək, əhalinin həyat səviyyəsi və ev təsərrüfatları, demoqrafiya və sosial statistika sahələrində əməkdaşlıq nəzərdə tutulur. İmzalanmış bəyannamə və tədbirlər planının həyata keçirilməsi ölkədə rəsmi statistikanın daha da inkişaf etdirilməsinə, onun beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılmasına, statistik məlumatların beynəlxalq müqayisəliliyinin tam təmin olunmasına imkan verəcəkdir.