İdxal - ixrac əməliyyatları haqqında

04.05.2010

2010-cu ilin birinci rübündə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 112 ölkəsindəki tərəfdaşları ilə 5,7 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 4,5 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,2 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 3,3 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin birinci rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,8 faiz, o cümlədən ixrac 1,8 dəfə artmış, idxal 12,6 faiz azalmışdır. İdxal-ixrac əməliyyatlarının 59,3 faizi Avropa, 33,0 faizi Asiya, 6,4 faizi Amerika, 1,2 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 31,5 faizi İtaliya, 6,6 faizi İsrail, 6,1 faizi Fransa, 6,1 faizi Rusiya Federasiyası, 4,8 faizi İndoneziya, 4,2 faizi Ukrayna, 4,1 faizi Amerika Birləşmiş Ştatları, 3,2 faizi Xorvatiya, 2,9 faizi Türkiyə, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Hindistan, 2,8 faizi Malayziya, 2,4 faizi Çin, 1,6 faizi Gürcüstan, 1,5 faizi Kanada, qalan 16,5 faizi digər dövlətlərlə aparılmışdır.