2010-cu ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

05.05.2010

2010-cu ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalmış, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz ucuzlaşmış, xidmət tarifləri isə dəyişməmişdir. Ötən ayda ərzaq məhsullarından mal, qoyun və toyuq ətinin, yumurtanın, qatığın, təzə və dondurulmuş balığın, portağalın, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, sarımsağın, soğanın, göyərtinin qiymətləri ucuzlaşmış, düyünün, buğda ununun, makaron və vermişelin, kolbasa məmulatlarının, pasterizə və sterizə olunmuş üzlü südün, xamanın, bərk və əridilmiş pendirlərin, kərə yağının, süfrə marqarininin, şəkərin və şəkər tozunun, limonun, almanın, qozun, fındığın, şabalıdın, kələmin, kartofun qiymətləri isə bahalaşmışdır. Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşmış, yay geyimlərinin qiymətləri isə bahalaşmışdır. İnşaat mallarından parket üçün lakın, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac lifli lövhələrin qiymətləri bahalaşmış, yağlı və sulu boyaların, ağac yonqar lövhələrin, laminat parketin, kərpicin, sementin, metal kirəmitin, qumun qiymətləri isə ucuzlaşmışdır. İnşaat malları ilə yanaşı məişət avadanlıqlarından soyuducunun, paltaryuyan maşınların qiymətlərində də ucuzlaşma müşahidə olunmuşdur.