Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
17.06.2010
Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2010-cu ilin ötən beş ayı ərzində 16,5 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 68,0 faizi məhsul istehsalı sahələrində. 26,0 faizi xidmət sahələrində yaradılmış. 6,0 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. 2009-cu ilin yanvar-may aylarına nisbətən əlavə dəyər məhsul istehsalı sahələrində 3,7 faiz, xidmət sahələrində isə 5,2 faiz artmışdır. Adambaşına ümumi daxili məhsul istehsalı 3,1 faiz artaraq 1858,1 manat (2312,8 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyərin 55,3 faizi neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 3,5 faiz, qeyri-neft sektorunda isə 4,9 faiz artmışdır.
Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 12,1 milyard manatlıq və ya 2009-cu ilin müvafiq dövründəkindən 4,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 78,1 faizi mədənçıxarma bölməsində, 16,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 3,3 faiz artmış, 21,1 milyon ton neft, 7,2 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul buraxılışı 8,9 faiz artmış, o cümlədən qida məhsulları istehsalı 1,2 faiz, geyim istehsalı
2,3 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 4,1 faiz, neft məhsulları istehsalı 14,4 faiz, kimya sənayesi məhsulları istehsalı 2,2 dəfə, rezin və plastik məmulatlar istehsalı 15,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 53,2 faiz, hazır metal məmulatları istehsalı 3,9 faiz, elektrik avadanlıqları istehsalı 29,4 faiz, maşın və avadanlıqların istehsalı 68,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,3 dəfə artmışdır.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulu istehsalı 2,7 faiz artmış, istehsal edilmiş 7,9 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 6,7 faiz aşağı olmuşdur.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı 0,5 faiz artmışdır.
İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 269,3 milyon manatlıq hazır məhsul olmuş və bir ay əvvəlki durumla müqayisədə 15,1 milyon manat azalmışdır.
Aqrar bölmədə yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 352,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 28,1 min hektar sahədə dənli və dənli paxlalılar, 28,8 min hektar sahədə dən üçün qarğıdalı, 63,9 min hektar sahədə kartof, 78,1 min hektar sahədə tərəvəz, 27,4 min hektar sahədə pambıq, 30,7 min hektar sahədə bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər çuğunduru, 1291 hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı, kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 4,0 min ton dənli və dənli paxlalılar, 47,5 min ton kartof, 60,5 min ton tərəvəz, 4,4 min ton meyvə və giləmeyvə, 246,9 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində 120,1 min ton diri çəkidə ət, 601,9 min ton süd, 508,6 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunmuş, 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,1 faiz, süd istehsalı 4,6 faiz, yumurta istehsalı 0,7 faiz, yun istehsalı 1,5 faiz artmışdır.
Beləliklə, beş ay ərzində ötən illə müqayisədə 0,4 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 3,0 milyard manat məbləğində vəsait yönəldilmiş, o cümlədən 2,0 milyard manat məbləğində tikinti-quraşdırma işləri həyata keçirilmişdir. 2009-cu ilin müvafiq dövrünə nisbətən vəsaitin qoyuluşu 11,3 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 5,1 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 2,3 milyard manatını və ya 77,7 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 4,4 faiz yüksək olmuş, xarici mənbələrdən yönəldilmiş vəsaitlər 44,6 faiz artaraq 675,1 milyon manat təşkil etmişdir.
Yanvar-may aylarında ümumi sahəsi 622,8 min kv.metr olan yaşayış evləri, 260 şagird yerlik ümumtəhsil məktəbləri, 135 çarpayılıq xəstəxana, növbədə 40 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" İş və Sərgi Mərkəzləri, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" Piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq Mərkəzi, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda Konserv zavodu, Regional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika Mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, yeni Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Göyçay və Ağdaşda Olimpiya İdman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 3549,0 milyon manat vəsaitin beş ay ərzində 1022,7 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 3,0 faiz artaraq 76,4 milyon tona, daşınmış sərnişinlərin sayı isə 3,4 faiz artaraq 537,3 milyon nəfərə bərabər olmuşdur.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 419,1 milyon manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 25,1 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,1 faizi bilavasitə əhaliyə göstərilmiş və 24,9 faiz artmışdır.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 6,8 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,1 faiz artaraq 5,2 milyard manata, pullu xidmətlərin həcmi isə 10,4 faiz artaraq 1,6 milyard manata çatmışdır. İstehlak mallarının 14,8 faizi hüquqi şəxslər, 43,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən və 41,7 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
Yanvar-aprel aylarında 118 ölkə ilə 8007,9 milyon dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 85,1 faizi və ya 6815,1 milyon dollarlığı uzaq xarici ölkələrlə, 14,9 faizi, yaxud 1192,8 milyon dollarlığı MDB üzvü dövlətləri ilə aparılmışdır. Xarici ticarət dövriyyəsinin 57,6 faizi Avropa, 35,8 faizi Asiya, 5,4 faizi Amerika, 1,1 faizi Afrika qitələrinin ölkələri və 0,1 faizi Okeaniya ilə aparılmışdır.
Dörd ay ərzində 6246,6 milyon dollarlıq məhsul ixrac olunmuş, ixracın 90,5 faizi və ya 5651,7 milyon dolları uzaq xarici ölkələrin alıcılarının payına düşmüş, MDB üzvü dövlətlərinə göndərilmiş malların məbləği isə 594,9 milyon dollar olmuşdur.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 1761,3 milyon dollar təşkil etmişdir. Uzaq xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 1163,4 milyon dollar, MDB üzvü ölkələrindən isə 579,9 milyon dollar təşkil etmişdir.
Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 4485,3 milyon dollar çox olmaqla müsbət saldo yaranmışdır.
Yanvar-aprel aylarında ölkəyə 8,6 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 313,9 manata, hər nəfərə düşən gəlirlər isə 8,3 faiz çoxalaraq 1056,7 manata çatmışdır.
May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, xidmət tarifləri 0,1 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz bahalaşmışdır. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri 8,2 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 3232,6 milyon manat vəsait daxil olmuş, büdcədən 2779,9 milyon manat vəsait xərclənmiş və 452,7 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 1041,8 milyon manatı və ya 37,5 faizi iqtisadiyyatın inkişafına, 440,0 milyon manatı (15,8 faizi) sosial müdafiə və sosial təminata, 423,8 milyon manatı (15,3 faizi) təhsil və səhiyyəyə yönəldilmişdir. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 35,1 faizi və ya 975,5 milyon manatı sərf olunmuşdur.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 8,6 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 37,1 faiz artmışdır. Verilmiş kreditlərin 6,3 milyard manatı uzunmüddətli olmuş, 365,2 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 32,5 faiz artaraq may ayının 1-nə 2,5 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1070,3 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 1404,4 milyon manat olmuşdur.
May ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,80 manat, 1 Avroya 1,01 manat, 100 Rusiya rubluna 2,64 manat, yanvar-may aylarında isə, müvafiq olaraq, 0,80, 1,09 və 2,69 manat olmuşdur.