2010-cu ilin yanvar-may aylarında sənayenin inkişafı haqqında

24.06.2010

Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3 faiz artaraq 12,1 milyard manat təşkil etmişdir. Beş ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 21,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı 7,2 milyard kub-metr olmuşdur. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi 12,7 faiz artmışdır. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,3 faizini təşkil etmiş, ümumi istehsalın 93,6 faizi sənaye mallarının (əmtəələrin), 6,4 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 78,1 faizi mədənçıxarma bölməsində, 16,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.