Tikinti haqqında

14.07.2010

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı tikinti kompleksi də inkişaf edir. 2010-cu ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 3766,9 milyon manat və ya əvvəlki ildəkindən 10,9 faiz çox investisiya yönəldilmiş və onun 2483,8 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 78,7 faizini daxili investisiyalar təşkil etmişdir. Sərf edilmiş sərmayələrin 51,3 faizi məhsul istehsalı, 48,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Birinci yarımildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Naxçıvan şəhərində Avtomobil zavodu, Lənkəran rayonunda Konserv zavodu, Çay və Dondurma fabrikləri, Cəlilabad rayonunda Göytəpə Su anbarı, Şərab istehsalı sexi, Müalicə-Diaqnostika Mərkəzi və Şahmat Məktəbi, Biləsuvar rayonunda Konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Salyan rayonunda Soyuducu Anbar Kompleksi, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Avtovağzal binası, "Qafqaz Resort" mehmanxanası və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində "Dalğa Plaza" İş və Sərgi mərkəzləri, Ağdaş və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 705,5 min kvadrat metr olan yeni yaşayış evləri, 260 şagird yerlik ümumtəhsil məktəbi, 135 çarpayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 54,0 faizini müəssisə və təşkilatların vəsaitləri, 32,8 faizini büdcə vəsaiti, 3,5 faizini əhalinin xüsusi vəsaiti və 9,7 faizini digər vəsaitlər təşkil etmişdir.