2010-cu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

13.08.2010

İlin əvvəlindən ötən yeddi ay ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 3,5 faiz, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon manat artaraq 23,2 milyard manata çatmışdır. ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 55,5 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1 faiz, o cümlədən nəqliyyatda 6,6 faiz, ticarət və iaşədə 8,1 faiz, rabitədə 1,8 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,6 faiz təşkil etmişdir. ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin yanvar-iyul aylarına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,3 faiz artaraq 2599,7 manat (3235,5 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz çox və ya 16,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2009-cu ilin yeddi ayı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1,8 faiz, emal bölməsində 9,8 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 4,6 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 2,4 faiz artmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 1,8 faiz artaraq 29,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 0,7 faiz azalaraq 10 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 2,0 faiz, içki istehsalı 6,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 26,6 faiz, neft məhsulları istehsalı 10,2 faiz, kimya sənayesi məhsulları istehsalı 37,6 faiz, rezin və plastik məmulatlar istehsalı 17,1 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 27,4 faiz, elektrik avadanlıqları istehsalı 55,2 faiz, maşın və avadanlıqların istehsalı 97,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 59,9 dəfə artmışdır.
İlin yeddi ayında 10,5 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur.
Sənayenin neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda 9,7 faiz artmışdır.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,6 faizi, yaxud 1836,9 min hektarı biçilmiş və həmin sahələrdən 925,4 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 19,9 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 2,7 min hektar qarğıdalı sahəsindən 7,3 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan tarlalardan 471,6 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 79,6 min ton az kartof, 653,5 min ton (6,9 min ton az) tərəvəz, 140,7 min ton (21,3 min ton az) meyvə və giləmeyvə, 245,2 min ton (13,0 min ton çox) bostan məhsulları, 956 ton, yaxud 232 ton çox tütün toplanmışdır.
Bu dövrdə 174,7 min ton, yaxud 2009-cu ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 868,5 min ton (4,9 faiz çox) süd, 709,5 milyon ədəd (1,7 faiz az) yumurta, 13,6 min ton (3,5 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə mövsümilik amili nəzərə alınmaqla kənd təsərrüfatının ümumi məhsulu 10 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 18,5 faiz azalmış, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 4,6 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 66,8 faizi və ya 3,0 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2009-cu ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 11,2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,4 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78,6 faizini və ya 3,6 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 5,7 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Yeddi ay ərzində ümumi sahəsi 821,7 min kv.metr yaşayış evləri, 410 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 155 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət və istirahət və Sərgi mərkəzləri, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Gilan" Piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq mərkəzi, "Qafqaz Riverside" Hoteli, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Abşeron rayonunda Duz zavodu, Biləsuvarda Konserv zavodu, Regional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika Mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Regional Boks Mərkəzi, Dondurma fabriki, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Göyçay, Balakən və Ağdaşda Olimpiya İdman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549,0 milyon manat vəsaitin 1450,8 milyon manatından istifadə edilmişdir.
İlkin məlumatlara əsasən altı ay ərzində ölkəyə 3,4 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuşdur. İnvestisiyanın 1,5 milyard dolları (43,5 faizi) birbaşa investisiya qoyuluşları, 1,9 milyard dolları isə kreditlər və digər investisiyalar şəklində daxil olmuşdur. Birbaşa investisiyaların 1288,0 milyard dolları, yaxud 37,7 faizi neft sektoruna, 198,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 109,5 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çox yük, 764,9 milyon nəfər və ya 3,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,6 faizi dəmir yolu, 49,6 faizi avtomobil, 5,8 faizi dəniz nəqliyyatı, 33,0 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,6 faizi avtomobil, 13,9 faizi metropolitenlə daşınmışdır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 619,4 milyon manat dəyərində və ya ötən ildə olduğundan 31,3 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İqtisadiyyatın sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,0 faiz artaraq 1527,4 manata çatmışdır. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 5,3 faiz artaraq 316,3 manata çatmışdır. Bununla yanaşı, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuşdur. Yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 453,2 manat, tikinti kompleksində işləyənlərin isə 496,7 manat olmuş və ötən illə müqayisədə müvafiq olaraq 6,0 faiz və 11,8 faiz artmışdır.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak mallarının almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaratmışdır. Nəticədə, ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 7,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,3 faiz çoxalaraq 2426,4 milyon manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,5 faizini ərzaq məhsulları, 34,5 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 7,5 faiz və 11,3 faiz artmışdır.
2010-cu ilin yanvar-iyun aylarında 130 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi 13,1 milyard dollar təşkil etmiş, 85,3 faizi və ya 11,2 milyard dolları uzaq xarici dövlətlərlə, 1,9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 10,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 9,2 milyard dolları uzaq xarici dövlətlərə, 1,0 milyard dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2901,7 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1976,0 milyon dollar, MDB üzvü dövlətlərindən isə 925,7 milyon dollar olmuşdur.
Xarici ticarət əlaqələrinin 41,2 faizi Avropa İttifaqı ölkələrinin, 14,7 faizi MDB-yə daxil olan ölkələrin, 44,1 faizi digər dövlətlərin payına düşmüşdür. Əmtəə dövriyyəsinin 56,4 faizi Avropa, 34,7 faizi Asiya, 7,4 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılmışdır.
Altı ay ərzində 7343,7 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 7265,1 milyon dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 78,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
İdxalın 77,0 faizi, ixracın 94,7 faizi sərbəst dönərli valyuta ilə həyata keçirilmişdir.
İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşmış, xidmət tarifləri 0,9 faiz bahalaşmış qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalmışdır. Eyni zamanda, qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,8 faiz, xidmət tarifləri 7,1 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 4922,7 milyon manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 1,3 faiz çox vəsait daxil olmuşdur.
Büdcə gəlirlərinin 915,4 milyon manatını və ya 18,6 faizini əlavə dəyər vergisi, 728,5 milyon manatını (14,8 faizini) mənfəətdən vergilər, 273,7 milyon manatını (5,5 faizini) əhalidən tutulan gəlir vergiləri, 185,5 milyon manatını (3,8 faizini) aksiz vergisi, 64,8 milyon manatını, yaxud 1,3 faizini mədən vergisi təşkil etmişdir.
Bu vaxt ərzində büdcədən 4276,7 milyon manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,6 faiz az vəsait xərclənmiş, 646,0 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,3 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 38,2 faizi və ya 1633,4 milyon manatı iqtisadiyyatın inkişafına, 14,3 faizi, yaxud 610,8 milyon manatı sosial müdafiə və sosial təminata, 12,0 faizi və ya 513,2 milyon manatı təhsilə yönəldilmişdir. Büdcə xərclərinin 33,5 faizi və ya 1432,5 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyul ayının 1-i vəziyyətinə 8,8 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 36,8 faiz artmışdır. Verilmiş kreditlərin 6,5 milyard manatı uzunmüddətli olmuş, 408,6 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 32,4 faiz artaraq iyul ayının 1-nə 2562,9 milyon manata çatmışdır. Xarici valyuta ilə vəsait qoyuluşu 17,2 faiz artaraq 1450,4 milyon manat, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 59,5 faiz azalaraq 1112,5 milyon manat olmuşdur.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 Avroya 1,03 manat, 100 Rusiya rubluna 2,62 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil etmişdir.