Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2010-cu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 135 ölkəsindəki tərəfdaşları ilə 15,5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 12,0 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 8,5 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,7 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal 6,6 faiz artmışdır. İdxal-ixrac əməliyyatlarının 56,1 faizi Avropa, 33,3 faizi Asiya, 9,0 faizi Amerika, 1,3 faizi Afrika qitəsi ölkələrinin, 0,3 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 26,7 faizi İtaliya, 7,7 faizi İsrail, 7,0 faizi Amerika Birləşmiş Ştatları, 6,9 faizi Fransa, 6,6 faizi Rusiya Federasiyası, 4,8 faizi Ukrayna, 4,0 faizi İndoneziya, 3,5 faizi Çin, 3,2 faizi Türkiyə, 2,6 faizi Malayziya, 2,3 faizi Xorvatiya, 2,1 faizi Hindistan, 1,8 faizi Almaniya, 1,6 faizi Gürcüstan, qalan 19,2 faizi digər dövlətlərlə aparılmışdır.