Ümumdünya Statistika Günü haqqında

19.10.2010

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-i Ümumdünya Statistika Günü elan edilmiş və onun "Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi" mövzusu üzrə keçirilməsi qərara alınmışdır. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi təsdiq etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi cənab Pan Gi Ðœun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş etmişdir ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər. Son məlumata görə 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcəkdir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçir və rəsmi statistikanın 90 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunmuşdur. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarət olmuşdur. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sahəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev statistikaya yüksək qiymət verərək demişdir: "Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır".