2010-cu ilin sentyabr ayında istehlak bazarında qiymətlərin

21.10.2010

2010-cu ilin sentyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri avqust ayı ilə müqayisədə 0,9 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9 faiz ucuzlaşmışdır. Ötən ay ərzaq məhsullarından düyünün, buğda ununun, çörək məhsullarının, makaron məmulatlarının, mal ətinin, qatığın, brınza pendirinin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, portağal və naringinin, bananın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur. Məsələn, təzə balığın, almanın, narın, üzümün, şabalıdın, kələmin, göyərtinin qiymətləri ucuzlaşmışdır. Payız mövsümünün gəlişi ay ərzində qeyri-ərzaq mallarından geyim və ayaqqabı qrupu mallarının qiymətlərinin bahalaşmasına səbəb olmuşdur. Bundan əlavə ay ərzində tikinti materiallarının, mebel və ev əşyalarının, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin qiymətlərində də bahalaşma müşahidə olunmuşdur. Bahalaşma ilə yanaşı sentyabr ayında pambıq və yarımyun parçanın, kişi üçün şalvarların, qısaqol köynəklərin, qadın üçün yay yubkasının, yay şalvarının, qısaqol köynəklərin qiymətləri ucuzlaşmışdır. Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunmuşdur.