Azərbaycanda demoqrafik vəziyyət

25.10.2010

2010-cu ilin doqquz ayı ərzində əhalinin sayı 79,7 min nəfər və yaxud 0,9 faiz artaraq oktyabr ayının 1-i vəziyyətinə 9077 min nəfərə çatmışdır. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir. Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır. 2010-cu ilin doqquz ayı ərzində Azərbaycanda 120 min, gündə təxminən 440 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,1-dən 17,9-dək artmışdır. İlin əvvəlindən ölkədə 53 min nikah və 6,5 min boşanma halları qeydə alınmış və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalmış, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artmışdır. Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olmuşdur. 2010-cu ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfərin gəldiyi və 0,7 min nəfərin ölkədən getdiyi qeydə alınmışdır.