2010-cu ilin yanvar-sentyabr aylarinda ölkənin iqtisadi və sosial inkişafinin makroiqtisadi göstəriciləri

25.10.2010


Ümumi Daxili Məhsul. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox və ya faktiki qiymətlərlə 29,3 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur. Adambaşına ÜDM istehsalı 2,9 faiz artaraq 3286,6 manat (4090,4 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə sənaye sahələrində 15,9 milyard manatlıq, yaxud ÜDM-in 54,4 faizi qədər, kənd təsərrüfatında 1,5 milyard manatlıq (5,1 faiz), tikinti kompleksində 2,1 milyard manatlıq (7,1 faiz), nəqliyyatda 1,8 milyard manatlıq (6,2 faiz), ticarət və pullu xidmətdə 2,0 milyard manatlıq (6,8 faiz), rabitədə 600,5 milyon manatlıq (2,0 faiz), digər sahələrdə 3,5 milyard manatlıq və ya ÜDM-in 11,9 faizi qədər əlavə dəyər yaradılmış, 6,5 faizini, yaxud 1,9 milyard manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil etmişdir.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,2 faiz, neft sektorunda 2,7 faiz artmışdır.
Sənaye. İlin əvvəlindən keçən müddət ərzində 20,4 milyard manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründə olduğundan 3,1 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 1,9 faiz artaraq 38,6 milyon ton, əmtəəlik qaz hasilatı 3,8 faiz artaraq 12,6 milyard kub metr təşkil etmişdir.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 2,0 faiz, içki istehsalı 12,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı 18,0 faiz, kağız və karton istehsalı 13,3 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 24,5 faiz, neft məhsulları istehsalı 7,7 faiz, kimya sənayesi məhsulları istehsalı 7,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 30,7 faiz, elektrik avadanlıqları istehsalı 67,5 faiz, maşın və avadanlıqlar istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 58,7 dəfə artmışdır.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində elektrik enerjisi istehsalı 1,5 faiz azalaraq 13,2 milyard kVt.saat olmuşdur.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı əvvəlki ilin səviyyəsində qalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,9 faiz, neft sektorunda isə 2,5 faiz çoxalmışdır.
Kənd təsərrüfatı. Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99,4 faizinin məhsulu toplanmış və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 1983,8 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 20,6 sentner olmuşdur.
Oktyabrın 1-nə kimi tarlalardan 928,1 min ton kartof, 1104,7 min ton tərəvəz, 416,0 min ton meyvə və giləmeyvə, 428,3 min ton bostan məhsulları, 79,8 min ton üzüm, 12,1 min ton pambıq, 468,5 ton yaşıl çay yarpağı, 2537,4 ton tütün toplanmışdır.
İri buynuzlu mal-qaranın baş sayı 2616,4 min başa, qoyun və keçilərin baş sayı isə 8458,5 min başa çatmış, bu dövrdə 241,8 min ton diri çəkidə ət, 1157,5 min ton süd, 903,1 milyon ədəd yumurta, 14,8 min ton yun istehsal olmuşdur.
Beləliklə, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 9,2 faiz aşağı, heyvandarlıq məhsulları istehsalı 6,2 faiz yüksək olmuş, nəticədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz azalmışdır.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 487,8 min hektar sahənin torpağını şumlamış, 19,0 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
Əsaslı tikinti. Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksində 6,2 milyard manat məbləğində vəsaitdən istifadə olunmuşdur. İstifadə edilmiş vəsaitin 4,8 milyard manatını və ya 77,3 faizini daxili vəsaitlər, 1,4 milyard manatını xarici mənbələrdən ayrılmış vəsaitlər təşkil etmişdir. Ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 15,2 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 6,6 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ümumi sahəsi 1075,2 min kv.metr yaşayış evləri, 9590 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 155 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət, İstirahət və Sərgi mərkəzləri, Qranit-mərmər zavodu, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Fitnes" Sağlamlıq mərkəzi, "Gilan" Piano fabriki, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Abşeron rayonunda Duz zavodu, Biləsuvarda Konserv zavodu, Reqional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika Mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Reqional Boks mərkəzi, Dondurma fabriki, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Ağstafa rayonunda Mineral su istehsalı sexi, Göyçay, Balakən və Ağdaşda Olimpiya İdman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549,0 milyon manat vəsaitin 1957,5 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 145,8 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox yük, 1,0 milyard nəfər və ya 3,7 faiz çox sərnişin daşınmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 6,2 faiz, dəmir yolu nəqliyyatı ilə 6,0 faiz, boru kəmərləri ilə nəqletmə 0,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,6 faiz artmışdır.
İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 832,0 milyon manatlıq və ya ötən ildəkindən 33,4 faiz çox rabitə xidməti göstərmişlər. İnformasiya və rabitə xidmətlərinin 74,0 faizi bilavasitə əhaliyə göstərilmiş, mobil telefon xidmətindən əldə olunmuş gəlir 34,0 faiz artaraq 564,3 milyon manata çatmış və bütün gəlirlərin 67,8 faizini təşkil etmişdir.
Əhalinin gəlirləri. 2010-cu ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 2016,2 manata çatmışdır. Qazanılmış gəlirlərin 70,0 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9,2 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 19,1 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etmişdir. Vergiləri və üzvlük haqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 1830,2 manat qalmış və müqayisə edilən dövrdə 10,7 faiz artmışdır.
Əmək haqqı. Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən 6,6 faiz artaraq 319,1 manat olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət. İlin əvvəlindən keçən vaxt ərzində əhaliyə 12,9 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz artaraq 9,6 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz artaraq 3,3 milyard manata bərabər olmuşdur. Əhalinin istehlak bazarından aldığı əmtəənin 65,0 faizini və ya 6,2 milyard manatını ərzaq məhsulları, 35,0 faizini (3,4 milyard manatını) qeyri-ərzaq malları təşkil etmişdir.
Xarici ticarət. 2010-cu ilin yanvar-avqust aylarında dünyanın 139 ölkəsi ilə 18,0 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmış, onun 85,8 faizi və ya 15,4 milyard dolları uzaq xarici ölkələrlə, 2,6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmişdir.
İlin əvvəlindən keçən səkkiz ay ərzində xarici ölkələrə 14,0 milyard dollarlıq mal göndərilmiş, onun 90,7 faizi və ya 12,7 milyard dollarlığı uzaq xarici dövlətlərə, 1,3 milyard dollarlığı və ya 9,3 faizi MDB üzvü ölkələrinə göndərilmişdir.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 4,0 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 2,7 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1,3 milyard dollar olmuşdur.
Səkkiz ay ərzində 9926,3 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9874,7 milyon dollarlıq, MDB üzvü dövlətləri ilə 51,6 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Yanvar-avqust aylarında ölkəyə 19,9 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz bahalaşmış, xidmət tarifləri 0,9 faiz ucuzlaşmışdır. İlin əvvəlindən ötən vaxt ərzində 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 5,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,0 faiz, xidmət tarifləri 5,8 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 6,7 milyard manat məbləğində vəsait daxil olmuşdur.
Səkkiz ay ərzində dövlət büdcəsindən 6,0 milyard manat vəsait xərclənmiş, 664,4 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 2,3 milyard manatı və ya 38,8 faizi iqtisadiyyatın inkişafına, 715,8 milyon manatı (11,8 faizi) təhsilə və 807,7 milyon manatı (13,4 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilmişdir. Ümumiyyətlə, büdcə xərclərinin 32,0 faizi və ya 1,9 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunmuşdur.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 2,7 milyard manata çataraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 1187,0 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1533,8 miyon manat olmuşdur.
Kredit qoyuluşu. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 15,2 faiz çox və ya 8,8 milyard manat məbləğində kredit yönəldilmişdir. Kreditlərin 2,5 milyard manatı qısa müddətə, 6,3 milyard manatı isə uzun müddətə verilmiş, 4,8 faizinin, yaxud 423,7 milyon manatının ödəmə vaxtı keçmişdir.
Manatın məzənnəsi. Sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0,80 manat, 1 Avroya 1,05 manat, 100 Rusiya rubluna 2,61 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil etmişdir.