2010-cu ilin oktyabr ayında istehlak bazarında qiymətlərin

03.11.2010

2010-cu ilin oktyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayı ilə müqayisədə 0,9 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz ucuzlaşmışdır.
Ötən ay ərzaq məhsullarından buğda ununun, qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, xurmanın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən düyünün, əlavə toyuq məhsullarının, limonun, portağal və naringinin, almanın, narın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınmışdır.
Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam etmişdir. Bundan əlavə ay ərzində inşaat materiallarından boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin qiymətləri bahalaşmışdır. Bahalaşma ilə yanaşı oktyabr ayında yarımyun parçanın, qadın üçün yay yubkasının, qısaqol köynəklərin, inşaat materiallarından su tənzimləyici cihazların, vannaların, sementin qiymətləri ucuzlaşmışdır.
Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunmuşdur.