Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-sentyabr aylarında "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında
Qədim tarixə və böyük sosial-iqtisadi əhəmiyyətə malik "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində nəqliyyat fəaliyyəti son dövrlərdə daha da genişlənmiş, tranzit daşımaların artımı müşahidə olunmuşdur. 2010-cu ilin doqquz ayında dəhliz vasitəsilə 38,1 milyon ton və ya 7,7 faiz çox yük, 149,8 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınmışdır. Daşınmış yüklərin 42,8 faizi avtomobil, 40,1 faizi dəmir yolu, 17,1 faizi isə dəniz nəqliyyatının payına düşmüş, yük daşınması bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 8,3 faiz, dəmir yolu nəqliyyatında 6,2 faiz, dəniz nəqliyyatında isə 9,6 faiz çoxalmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 30,1 faizini və ya 11,5 milyon tonunu tranzit yüklər təşkil etmiş və əvvəlki ilin doqquz ayı ilə müqayisədə bu yüklərin həcmi 1,8 milyon ton və ya 18,9 faiz artmışdır. Yük daşımaları fəaliyyətindən 207,6 milyon manat, sərnişin daşınmasından isə 27,1 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 14,2 və 12,0 faiz artmışdır.