Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul. Yanvar-oktyabr ayları ərzində ölkədə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artmışdır. ÜDM-in 21,4 milyard manatı və ya 66,0 faizi məhsul istehsalı sahələrində, 8,8 milyard manatı, yaxud 26,9 faizi xidmət sahələrində yaradılmış, 2,3 milyard manatı (7,1 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Kənd təsərrüfatı. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 1999,0 min ton taxıl, 953,5 min ton kartof, 1157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433,0 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179,0 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanmışdır. Operativ məlumatlara əsasən noyabrın 1-nə kimi 28,1 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir.
Əsaslı tikinti. İnşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 7,1 milyard manat həcmində, yaxud 14,8 faiz çox vəsait əsas kapitala yönəldilmişdir. Vəsaitin 3,1 milyard manatı (43,2 faizi) qeyri-dövlət bölməsinə məxsus təşkilatlar və fiziki şəxslər, 4,0 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 4,6 milyard manat olmuş və ümumi investisiyanın 65,1 faizini təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 50,9 faizi və ya 3,6 milyard manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunmuşdur.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 162,1 milyon ton və ya 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 4,0 faiz artaraq 1,1 milyard nəfər təşkil etmişdır.
Rabitə. Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 933,0 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 32,1 faiz çox rabitə xidməti göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 33,2 faiz artaraq 630,6 milyon manata çatmış və ümumi gəlirlərin 67,6 faizini təşkil etmişdir.
Əmtəə dövriyyəsi və pullu xidmət. Yanvar-oktyabr ayları ərzində əhaliyə 14,6 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,6 faiz artaraq 10,9 milyard manata, pullu xidmətlərin həcmi isə 10,6 faiz artaraq 3,7 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 7,0 milyard manatını və ya 64,7 faizini ərzaq məhsulları, 3,9 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 7,4 və 12,5 faiz artmışdır.
Xarici ticarət. Doqquz ay ərzində xarici ölkələrlə 20,2 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 77,5 faizini və ya 15,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 22,5 faizini (4,5 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, əmtəə mübadiləsinin 85,9 faizi uzaq xarici ölkələrlə, 14,1 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır. İlin əvvəlindən ötən vaxt ərzində ölkəmizə idxal olunmuş əmtəənin 68,7 faizi, yaxud 3,1 milyard dolları uzaq xarici dövlətlərdən, 31,3 faizi (1,4 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkədən ixrac olunmuş malların 91,0 faizi, yaxud 14,3 milyard dolları uzaq xarici dövlətlərə, 9,0 faizi (1,4 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində 11,1 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində ölkəmizə 22,6 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,9 faiz, on ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz bahalaşmışdır. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1,4 faiz və 6,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz və 2,1 faiz bahalaşmış, xidmət tarifləri 0,2 faiz ucuzlaşmış və 5,2 faiz bahalaşmışdır.
Əhalinin gəlirləri. 2010-cu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 11,7 faiz artaraq 20,3 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində adambaşına düşən gəlirlər 10,4 faiz yüksələrək 2273,9 manata və ya orta hesabla ayda 227,4 manata çatmışdır.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-oktyabr aylarında 2009-cu ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 320,0 manat olmuşdur.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 7,5 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 6,8 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 38,5 faizi və ya 2,6 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi, yaxud 772,8 milyon manatı təhsilə, 13,3 faizi və ya 912,2 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 667,9 milyon manatlıq profisit ÜDM-də 2,3 faiz təşkil etmişdir.
Kredit qoyuluşu. 2010-cu il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 8,9 milyard manat kreditin məbləği 14,9 faiz artmış, onun 72,2 faizi uzunmüddətli olmuş, 5,0 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin əmanətləri. Oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,0 faiz artaraq 2,8 milyard manata çatmışdır. Əmanətlərin 1,6 milyard manatı xarici valyuta ilə, 1,2 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Manatın məzənnəsi. Oktyabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0,80 manat, 1 Avroya 1,11 manat, 100 Rusiya rubluna 2,64 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil etmişdir.