Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
03.12.2010
2010-cu ilin noyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 1,8 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9 faiz bahalaşmışdır.
Ötən ay ərzaq məhsullarından düyünün, buğda ununun, manna və qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, narın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən təzə balığın, limonun, portağal və naringinin, almanın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınmışdır.
Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam etmişdir. Bundan əlavə ay ərzində inşaat materiallarından yağlı və sulu boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar lövhələrin, kərpicin, sementin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin, məişət avadanlıqlarından qızdırıcıların, tozsoranların qiymətləri bahalaşmışdır. Bahalaşma ilə yanaşı noyabr ayında pambıq, ipək və trikotin parçaların, qadın üçün yay yubkasının, donun, qısaqol köynəklərin, inşaat materiallarından nitro boyaların, ağac lifli lövhələrin, vannaların, laminat parketin, məişət cihazlarından soyuducuların, paltaryuyan maşınların qiymətləri ucuzlaşmışdır.
Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.